Rusiyadan İŞİD-ə daha bir ağır zərbə - QANADLI RAKETLƏR

Rusiya Aralıq dənizindəki sualtı qayıq vasitəsilə İŞİD terror qruplaşmasına zərbələr endirib.

 

APA TV-nin məlumatına görə, bu haqda Rusiya kütləvi informasiya vasitələri ölkənin Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadən xəbər yayıb.

 

Zərbə Rusiyaya məxsus "Rostov-na-Donu" sualtı qayığındakı qanadlı raket vasitəsilə Aralıq dənizinin şərq hissəsindən vurulub. Hədəf Suriyanın Rəqqa şəhərinin ətrafı olub.

 

Qeyd edilib ki, bu, Rusiyanın İŞİD-ə "Kalibr" qanadlı raketləri vasitəsilə vurduğu ilk zərbədir. Hazırda hava və kosmik kəşfiyyat vasitəsilə endirilən zərbələrin nəticələri təhlil edilir.

 

Həmçinin bildirilir ki, bu addımla Rusiya "A321" sərnişin təyyarəsində törədilən terror aktına cavab vermiş olub. Belə ki, bu gün Rusiya rəsmiləri təyyarənin qəzaya uğramadığını, baş verən hadisədə İŞİD-in əli olduğunu bəyan edib.

 

Eyni zamanda məhz bu səbəbdən Rusiya prezidenti Vladimir Putin terrorçulara zərbələrin daha da gücləndirilməsi haqqında sərəncam verib.

 

Məlumat üçün bildirək ki, oktyabrın 31-də Misir səmasında Rusiyaya məxsus "A321" sərnişin təyyarəsi partladılıb. Təyyarədəki ekipaj üzvü və sərnişinlərin hamısı - 224 nəfər həlak olub.

 

Müəllif | Apa.Tv