Rusiya təyyarəsi belə partladılıb - İNFOQRAFİKA
Rusiyaya məxsus "Airbus A321" təyyarəsinin Misirdə terror nəticəsində qəzaya uğraması rəsmən təsdiqlənib.
APA TV-nin məlumatına görə, partlayışın baqaj bölməsində olan çamadanın içindəki partlayıcı qurğunun işə düşməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Rusiyalı mütəxəssislər "Airbus A321" təyyarəsində partlayışın necə baş verməsinin infoqrafikasını bərpa edib. Partlayıcı qurğu baqaj bölməsində qoyulub. Çamadanda olan bomba təyyarə təxminən doqquz min metr hündürlükdə olanda işə düşüb. Partlayış dalğası təyyarəni iki hissəyə bölüb. Füzelyaj və hava gəmisinin quyruğu hələ havada olarkən dağılıb. Partlayıcı qurğunun bu çamadanda olduğu güman edilir.
Xüsusi xidmət orqanları bombanın məhz harada olduğunu və partlayışın nə vaxt baş verdiyini aydınlaşdırıb. Mənbələrin sözlərinə görə, qurğunu Şarm əş-Şeyx aeroportunun əməkdaşı tərəfindən təyyarəyə qoyulduğu müəyyən edilib.
Xüsusi xidmət orqanlarının əməkdaşları "Airbus A321" təyyarəsinin altında böyük sirli deşik aşkar edib. Bunun səbəbini partlayışın yaranması ilə izah ediblər. Deşiyin kənarlarında partlayıcı maddə qırıntılarının olması göstərir ki, bu ərazidə kustar üsulla hazırlanmış bomba partlayıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti Sinayda Rusiya laynerinin aviaqəzasının terror aktı səbəbindən baş verdiyini təsdiq edib. Prezident Vladimir Putin bildirib ki, Rusiya xüsusi xidmət orqanları "Koqalımavia" laynerinin partlayışında günahkarları harada olmasından asılı olmayaraq, axtarıb tapacaq və onlar bunun cəzasını çəkəcəklər.
Xatırladaq ki, Rusiyaya məxsus "Airbus A321" təyyarəsi oktyabrın 31-də Şarm əş-Şeyx - Sankt-Peterburq reysini həyata keçirərkən Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 224 sərnişinin hamısı həyatını itirib. Ölənlər arasında 29-nun uşaq olduğu deyilir.