Ərdoğan Davudoğluna hökuməti formalaşdırmağı tapşırdı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Əhməd Davudoğluna hökumətin formalaşdırılmasına dair tapşırıq verib.

 

APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının saytında dərc edilmiş rəsmi məlumatda bildirilir.

 

“Prezident Rəcəb Tayyip Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasının lideri Əhməd Davudoğlunu qəbul edib və ona Türkiyənin 64-cü hökumətini formalaşdırılmağı tapşırıb”, - deyə məlumatda bildirir.

 

Yeni hökumətin tərkibinin noyabrın 18-də elan ediləcəyi gözlənilir. Türkiyə Konstitusiyasına əsasən, parlament 45 gün müddətində yeni hökuməti təsdiq etməlidir. 

 

Qeyd edək ki, noyabrın 1-də Türkiyədə vaxtından əvvəl keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, Ədalət və İnkişaf Partiyası parlamentdə üstünlük və təkpartiyalı hökumət formalaşdırmaq hüququ qazanıb. Parlamentdə həmçinin Cümhuriyyət Xalq Partiyası, Xalqların Demokratik Partiyası və Milliyyətçi Hərəkat Partiyası yer alıb.

 

Müəllif | Apa.Tv