Akif Əlizadə: "Maliyyə problemi AMEA-da da hiss edilməkdədir"
"Ölkədə maliyyə probleminin olması Azərbaycan Milli Elmlər Akademiyasında da hiss edilməkdədir. Bu baxımdan mən həmişə demişəm ki, alimlər, institutlar, laboratoriyalar özləri imkan tapıb qazanmalıdırlar. Yəni elm özü pul, vəsait qazanmalıdır. Ələlxüsus belə bir maliyyə çətinliyi şəraitində".
APA TV-nin xəbərinə görə, bu fikirləri AMEA prezidenti Akif Əlizadə akademiyanın Rəyasət Heyətinin iclasında səsləndirib.
Onun sözlərinə görə, tarix elmində son illər uğurlar qazanılsa da, bu sahədə görüləcək işlər, həllini tapmalı olan problemlər mövcuddur. Tarix İnstitutu böyük işlər görüb. Məsələn, İrəvan haqqında kitab çap olunub, bir neçə dilə tərcümə edilib. Buna baxmayaraq, bu istiqamətdə işlər daha da genişləndirilməlidir. Məsələn, Zəngəzur, Göyçə haqqında tədqiqatlar varsa da, çox azdır.
Akif Əlizadə dilçilik, innovasiya və kimya elminin müasir problemləri, qarşıda duran elmi tədqiqatlar barədə məsələlərə də toxunub.
Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov isə çıxışında bildirib ki, 1990-cı ildə Azərbaycanda əhali artımı hər min nəfərə 19-20 nəfər idi. 90-cı illərin ortalarında isə bu rəqəm 7-8 nəfərə düşüb: "Yəni artım iki dəfədən çox azaldı. Prezident İlham Əliyevin 2004-cü ildə qəbul etdiyi Demoqrafik İnkişaf Proqramından sonra, eyni zamanda sosial vəziyyətin yaxşılaşmasından, stabil siyasətin bərqərar olmasından sonra hər min nəfərə düşən təbii artım 13-14 nəfərə yüksəlib".
Ramiz Məmmədov bildirib ki, hazırda Azərbaycanda illik artım 1,2 faizdir.