Azərbaycan prezidenti Liderlər Forumunda iştirak edib

Noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər.

 

Əvvəlcə Prezident İlham Əliyev UNESCO-nun qonaq kitabına ürək sözlərini yazıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura ilə qısa söhbətləri olub.

 

UNESCO Baş Konfransının 38-ci sessiyasının sədri, Namibiyanın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Stanley Mutumba Simataa tədbiri açaraq Forumun gündəliyi barədə məlumat verib. O, son illərdə Azərbaycanın əldə etdiyi uğurları qeyd edib. O, prezident İlham Əliyevin Forumda iştirakının yüksək qiymətləndirildiyini deyib.

 

Prezident İlham Əliyev Forumda çıxış edib.

 

Forumdan sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər. Görüşdə Azərbaycanla UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

 

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və xamını Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında təşkilatın İcra Şurasının zalı və nümayəndə heyətlərinin salonu ilə tanış olublar. Qeyd edilib ki, bu zalın və salonun yüksək səviyyədə təmir olunması Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilib. Zalda İcra Şurasının tədbirləri ilə yanaşı, xoşməramlı səfirlərin görüşləri, toplantıları da keçirilir.

 

Dövlət  başçısı və xanımı ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinə, eləcə də digər ölkələrin UNESCO-ya təqdim etdiyi abidələrə baxıblar.

Müəllif | Apa.Tv
Apa.tv