"Sədərək"də polisləri bıçaqlayan şəxs ticarət mərkəzinin işçisi olub

Bakı şəhər Prokurorluğu “Sədərək” Ticarət Mərkəzində baş verən insidentlə bağlı məlumat yayıb.

 

APA TV-nin məlumatına görə, noyabrın 16-da “Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə Şöbəsinin polis nəfərləri - Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq, bu barədə iradlarını bildiriblər. Mübahisə zəminində İsmət Bəkirov üstündə gəzdirdiyi bıçaqla polislərə ciddi xəsarətlər yetirib. Zərərçəkmişlər DİN-in Hospitalına yerləşdiriliblər.

 

Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 

İsmət Bəkirova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv