Kürdəmirdə 6 otaqlı ev külə döndü: 4 nəfər xəsarət aldı
Bu gecə Kürdəmir rayonunda yanğın baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, yanğın gecə saat 02:00 radələrində rayonun Mollakənd kəndində İbrahim Qasımova məxsus fərdi yaşayış evində qeydə alınıb.
Ümumi sahəsi 145 kvadrat metr olan 6 otaqlı evin aynabənd hissəsindən başlayan yanğın qısa müddətə evin bütün otaqlarını bürüyüb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin 2 maşını və canlı qüvvəsi cəlb olunsa da, ev əşyaları ilə birgə tamamilə yanaraq külə dönüb.
Hadisə vaxtı ev sahibi, oğlu Xətai, qızı Təranə və həyat yoldaşı Zərifə Qasımovlar yüngül yanıq xəsarətləri alıb. Dərhal yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yarlılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndəriliblər.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.