"Silahlı erməni təcavüzü: İtki və tələfatlarımız" hesabatı təqdim olundu

Azərbaycan Respublikası Ərazilərinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupu "Silahlı erməni təcavüzü: İtki və tələfatlarımız" mövzusunda hazırladığı yekun hesabatını təqdim edib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Prezident Administrasiyası, siyasi partiya və ictimai təşkilatların, eləcə də diplomatik korpusların təmsilçiləri iştirak edib.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev deyib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun topladığı məlumatlar diplomatlarımızın, dövlət xadimlərimizin beynəlxalq aləmdə Azərbaycanın mövqelərini daha əsaslı şəkildə müdafiə etməsinə şərait yaradır. Ona görə də bu istiqamətdə işlərin davam etdirilməsi və bu məlumatların dövlət qurumlarının saytlarında yerləşdirilməsi müsbət nəticə verər.

 

İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı çıxışında erməni işğalı nəticəsində xalqımızın məruz qaldığı itkilərin qiymətləndirilməsi prosesində qrupun rəhbər tutduğu qayda və meyarlardan danışıb. Natiq bildirib ki, erməni təcavüzü zamanı xalqımıza külli-miqdarda maddi və mənəvi zərər vurularaq, Dağlıq Qarabağ ərazisində yerləşən tarixi abidələr dağıdılıb, incəsənət nümunələri məhv edilib.

 

O da bildirilib ki, layihə çərçivəsində qrup tərəfindən indiyədək hazırlanan hesabatların daxil edildiyi elektron məlumat bazası yaradılıb, işğalçı dövlətin xalqımıza vurduğu maddi-mənəvi zərəri, bütün bunlara görə Ermənistan tərəfinin ölkəmizə təzminat ödəməli olduğunu özündə əks etdirən sənədli film hazırlanıb. Tədbir qonaqların həmin filmi izləməsi ilə yekunlaşıb.

 

Müəllif | Apa.Tv
Apa.tv