MSK seçkilərlə bağlı yekun qərarı açıqladı
“Azərbaycanda keçirilən seçkiləri dünyada keçirilən seçkilərlə müqayisə etmək baxımından heç bir problem yoxdur”. APA TV-nin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, böyük ölkələr seçkilərdə veb-kameraların tətbiqini Azərbaycan təcrübəsi kimi etiraf edirlər: “Veb-kameralar vasitəsilə istənilən dünya ölkəsinin vətəndaşı 1000 məntəqədə seçkiləri müşahidə edə, seçkilərlə bağlı mövqeyini ortaya qoya bilərdi. Yeri gəlmişkən, mən göstəriş verdim ki, sosial şəbəkələrdə seçki pozuntuları iddia olunan görüntüləri yığın, araşdırın. Hesab edin ki, sosial şəbəkələrdə yayılan görüntülərə baxdıq, araşdırdıq, o məlumatlarda konkret ünvan, konkret məntəqə göstərilmir. Ən yaxşı halda dairə adı çəkilir. Deməli, hansısa qüvvələr hansısa maraqlara uyğun olaraq xidmət göstərir. Azərbaycanın rifahı, uğurları seçkilərə də təsir göstərir və xalqımız da seçkilərdən daim razı qalıb. Bizim üçün də bu əsasdır, seçki xalqımız üçün keçirilir. Azərbaycan xalqının mövqeyi ilə razılaşmaq lazımdır”.
M.Pənahov Azərbaycanda seçkilərin şəffaf, ədalətli keçirildiyini vurğulayıb. O qeyd edib ki, səsvermənin nəticələri ilə bağlı yalnız 44 dairədən müraciət daxil olub: “Dairələrin üçdə ikisindən müraciət, şikayət daxil olmayıb. Belə olan halda necə demək olar ki, seçki şəffaf olmayıb? Ona görə də şişirdilmiş iddialara ən böyük cavab budur”.
İclasda Mərkəzi Seçki Komissiyası noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.
90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, MSK Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar dairələrdə seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, şikayətlərlə əlaqədar seçkinin ilkin nəticələrinə əsasən müəyyənləşən lider namizədlərin statusunu dəyişdirəcək qərarlar verilməyib. MSK yalnız noyabrın 17-də 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsindən 17-də seçkinin nəticələrini etibarsız sayıb və bu dairədə seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar verib.
Seçkinin ilkin nəticələrinə əsasən, 90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd IV çağırış Milli Məclisin deputatı, bitərəf Çingiz Əsədullayev olub.