Horadizdə kütləvi hərbi vətənpərvərlik bayramı keçirildi
Horadizdə “Sənə inanırıq, ölkə rəhbəri, Sənə güvənirik, vətən əsgəri” mövzusunda kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, tədbir Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz İdman Kompleksinin stadionunda keçirilib.
Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Füzuli rayon rəsmiləri və 2000 nəfərədək rayon sakininin iştirak etdiyi bayram tədbiri Azərbaycanın dövlət himni ilə başladı.
Vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi-bədii kompozisiyadan sonra Horadiz şəhərinin erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən keçmiş döyüşçülər fəxri kürsüyə dəvət olundu. Ayağını Füzulinin müdafiəsi uğrunda gedən döyüşlərdə itirmiş Ədalət Məmmədov bu gün 4 qız atasıdır. O, Azərbaycan gəncliyinin Ali Baş Komandanın işğal altındakı torpaqların azad olunması üçün verəcəyi əmri gözlədiyini deyib.
Cəbhə xəttinin Füzuli istiqamətində torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirən Paraolimpiya çempionu, İlk Avropa Oyunlarının qalibi İlham Zəkiyev də tədbirdə iştirak edib. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin sərəncamı ilə İlham Zəkiyev Füzulinin fəxri sakini seçilib.
Tədbirdə hərbiçilərin çıxışı xüsusi marağa səbəb olub. Çıxışın sonunda Azərbaycanın dövlət bayrağı dalğalandırılıb. Tədbir cəbhə xəttinə yaxın yerləşən rayon sakinlərinin alqış sədaları altında başa çatıb.