Xaçmazda ikimərtəbəli ev külə döndü
Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.
Kənd sakini Qiyaməddin İbrahimova məxsus ikimərtəbəli yaşayış evi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.
Ev sahibinin sözlərinə görə, yanğına səbəb elektrik xətlərində baş verən qısaqapanma olub: "Həyətdə çörək bişirirdilər. Mən də odun doğrayırdım. Gəlin çıxdı yuxarı ki, kündə gətirsin. Birdən qışqırdı ki, ev yanır. Çıxdım yuxarı, yanğını söndürmək istədim, alınmadı. Qışqırıb qonşuları köməyə çağırdım. Sağ olsunlar, gəldilər, kömək etdilər".
Yanğının səbəbləri müvafiq araşdırmalardan sonra bəlli olacaq.