İŞİD Rusiya təyyarəsini içki qutusu ilə partladıb
İŞİD terrorçu qruplaşması özünün nəşr etdiyi jurnalda Misirdə vurulan Rusiya təyyarəsinə dair iki fotoşəkil yerləşdirib.
APA TV Rusiya KİV-lərinə istinadən xəbər verir ki, fotoşəkillərin biri Rusiya təyyarəsi sərnişinlərinin pasportlarını əks etdirir.
İkinci fotoda isə terror aktı zamanı istifadə edilən əldəqayırma bomba təsvir olunur. Burada metal içki qutusu və partlayıcı qurğunun hissələrini, həmçinin idarəetmə pultunu görmək olur.
Terrorçuların təyyarədəki sərnişinlərin sənədlərinə hansı yolla çıxış əldə etməsi qaranlıq qalır.
Qeyd edək ki, Rusiyaya məxsus "Airbus A321" təyyarəsinin Misirdə terror nəticəsində qəzaya uğraması rəsmən təsdiqlənib. Partlayışın baqaj bölməsində olan çamadanın içindəki partlayıcı qurğunun işə düşməsi səbəbindən baş verdiyi ehtimal edilir.
Rusiyalı mütəxəssislər "Airbus A321" təyyarəsində partlayışın necə baş vermə səbəbinin infoqrafikasını hazırlayıb. Partlayıcı qurğu baqaj bölməsində qoyulub. Çamadanda olan bomba təyyarə təxminən doqquz min metr hündürlükdə olanda işə düşüb. Partlayış dalğası təyyarəni iki hissəyə bölüb.