"Azəryolservis"də YAP-ın yaranmasının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə bağlı partiyanın Nəsimi Rayon üzrə Cəmiyyətin ərazi ilk partiya təşkilatının tədbiri keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

Tədbiri giriş sözü ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov açaraq, Yeni Azərbaycan Partiyasının 23 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllində müstəsna xidmətlərindən danışıb. O, ulu öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan prezident İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb.

 

Cəmiyyətin ərazi üzrə ilk partiya təşkilatının sədri, “Azəryolservis” ASC-nin sədr müavini Əvəz Qocayev də hesabat məruzəsi ilə çıxış edərək, Heydər Əliyev irsinin və siyasi dühasının ən layiqli varisi, YAP-ın sədri, prezident İlham Əliyevin ölkəmizin iqtisadi inkişafına, xalqımızın rifahının yüksəlməsinə göstərdiyi qayğıdan, gərgin və səmərəli fəaliyyətindən söz açıb.

 

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışıb, Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən bəhs edib. O, partiyanın həyata keçirdiyi layihələrdə fəal iştirakına görə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzrə ərazi ilk partiya təşkilatını diplomla təltif edib.

 

Daha sonra “Azəryolservis” ASC-nin YAP Gənclər Təşkilatının sədri Elnarə Rəşidova çıxış edərək, ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edən Azərbaycan gənclərinə böyük etimad göstərildiyini, diqqət və qayğının hər zaman olduğunu bildirib.

 

Sonda partiya sıralarına daxil olmuş bir neçə gəncə partiya vəsiqələri təqdim edilib.

Müəllif | Apa.Tv
Apa.tv