Yasamalda məşhur Sumqayıt cibgirlərindən biri tutuldu
Yasamal rayonunda məşhur Sumqayıt cibgirlərindən biri tutulub.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramil Məlikov tutulub.
Şübhəli şəxsin üzərindən 0,153 qram heroin aşkar olunaraq götürülüb. Ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 11-də 77 saylı xətt avtobusunda Bakı şəhər sakinləri - Aysel Xəlilovanın, noyabrın 15-də və 16-da 96 saylı xətt avtobusunda Xəyalə Manaflının, Zöhrə Salmanovanın əl çantalarından pul, sənədlər və bank kartlarını gizli yolla talayıb.
Məlikovun 40-a yaxın cibgirlik əməlində iştirak etdiyi ehtimal edilir. Bu şəxsi görüb tanıyanlardan Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-nin 29-cu PB-nə müraciət etmələri xahiş olunur.