Sırğası qulağında, üzüyü əlində: Şəkidə tapılan insan sümükləri - REPORTAJ
Şəkinin Fazıl kəndində yerləşən “Əbədi sükut dünyası” labirinti qədim dövrdə əhalinin məişət şəraiti, dini təsəvvürlərini özündə əks etdirən dəfn adətləri ilə yaxından tanış olmaq imkanı verir.
APA TV-nin məlumatına görə, "Labirint" muzeyinin özəlliyi ondan ibarətdir ki, arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələri aşkar edildikləri yerdə saxlanılır. Bizim eradan əvvəl 3-cü və 4-cü minilliyə aid olan eksponatlar heç yerdə təkrarlanmır. Ritual qəbirlərdə kökü kəsilən heyvanların sümüklərinə də rast gəlmək mümkündür.
Yerli arxeoloji dəstənin rəhbəri Nəsib Muxtarovun sözlərinə görə, muzeyin nadir eksponatları arasında şahin başlı Misir ilahəsini xatırladan əşyalar var. Ritual qəbirlərdə kökü kəsilən heyvanların sümüklərinə də rast gəlmək mümkündür.
1984-cü ilin yaz aylarında Fazıl kəndində Təpəbaşında "Tütün sarayı" tikilən zaman burada qəbir aşkar olunur. Arxeoloqlar əraziyə çağırılır və qeydiyyat aparılır. Tarixi əhəmiyyət daşıyan abidənin olduğu ərazidən torpaq karxanası kimi istifadə olunduğundan, abidə dağılıb yox olmaq təhlükəsi ilə üzləşib. AMEA-nın elmi işçisi Nəsib Məcidovun sözlərinə görə, abidəni xilas etmək üçün 2006-cı ildə ərazidə muzey yaradılıb. 11 ekspozisiya, 14 qəbir abidəsi olan "Əbədi sükut layihəsi - labirint" muzeyi yer altında ekspozisiyalarla birgə 150 kv. m-ə qədər ərazini əhatə edir. Labirintin giriş və çıxış qapıları ayrı-ayrıdır. Bütöv ərazisi əllə işlənib və 100 kubmetrdən artıq torpaq çıxarılıb: "Bu nə Misirdəki, nə Skadinaviyadakı labirintdən deyil. Bu labirint hazırkı vəziyyətində Azərbaycan tarixinin e. ə 2-ci minilliyin axırı, 1-ci minilliyinə olan dövrü əhatə edir".
Labirintdə aşkar olunmuş qəbirlər və onlara aparan yollar bütövlükdə kərpic tağla örtülüb. Qəbirlərdə Qafqaz Albaniyasının həm son tunc, həm də dəmir dövrünün maddi mədəniyyəti, dəfn adətləri, eyni zamanda, bəzi etnoqrafik materiallar və dini inanclar əksini tapıb.
Bu qəbir abidəsi elə bu formada aşkar edilib. Eramızdan əvvəl VI-VII yüzilliyə aid olan bu qəbirdə insan dəfn olunub yanında da saxsı qablar qoyulub. Olduğu kimi saxlanılıb. Fərziyyələrə görə, o zaman insan necə doğulurmuşsa, o cür də dəfn edilirmiş. Gördüyünüz kimi burada bükülü vəziyyətdə basdırılıb.
Burada, dəfn adətlərində bəzi yeniliklər müşahidə edilir, hələlik dünyada analoqu olmayan gil qadın heykəlləri aşkar edilib. Yaloylutəpə mədəniyyətinin lokal variantı, ellinzim elementləri var. Labirint Azərbaycan tarixinin Qafqaz Albaniyası dövrünü əhatə etməklə Yaloylutəpə mədəniyyətinin xronologiyasını bir qədər də dərinləşdirir. Azərbaycan tarixinin eramızdan əvvəl I minilliyin I yarısından bizim eranın I minilliyinin I rübünə qədər olan dövrünü əhatə edir.
Bu qəbir abidəsi isə bir qadına məxsusdur. Gördüyünüz kimi barmağında üzüyü, qulağında sırğası, qolbağı da belə tapılıb və saxlanılır. Tarixçilərin fərziyyələrinə görə, bu əşya qadının imkanlı və yaxud vəzifəli olduğunu göstərir.
Burada qəbirlər böyük-kiçikliyindən, dərinliyindən asılı olmayaraq tapıldığı yerdəcə nümayiş etdirilir. Yerin altından tapılmış digər 11 ekspozisiyadan 5-i divarlarda , 5-i ayrı-ayrı yerlərdə, 1-i isə aşkar olunduğu yerdə - dəhlizdə, nümayiş etdirilir.
Abidə ilə tanış olan turizm şirkətinin nümayəndəsi Kənan Hənifəyev bildirib ki, bura xarici qonaqlar üçün olduqca maraqla qarşılanır: "Xarici qonaqları gətirdiyimiz zaman Şəki şəhərini ekskursiyaya daxil edirik. Qazıntılar zamanı aşkar edilmiş eksponatlar xarici qonaqlar tərəfindən maraqla qarşılanır, gəldikləri yerdən yaxşı təəssüratla ayrılırlar".
Muzeylə tanışlıq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm şirkəti və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə “Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm marşrutunun təqdimatı çərçivəsində baş tutub.