“Milan Expo 2015” sərgisindəki Azərbaycan pavilyonu Bakıya köçürülür

“Milan Expo 2015” sərgisində dünyanın 145 ölkəsindən yalnız 54-ü, o cümlədən Azərbaycan öz milli pavilyonunu təqdim edib. “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli, 2000 kvadratmetr ərazidə təşkil olunan milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub. 25 ay ərzində 300 nəfərdən ibarət işçi qrupu ümumdünya sərgisində Azərbaycan pavilyonu layihəsinin hazırlanmasında iştirak edib.

 

APA TV-nin məlumatına görə, bunu "Milan Expo 2015" ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə əlaqədar keçirilən mətbuat konfransında mətbuat konfransında  Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib: “Həm xarici, həm də yerli mütəxəssislər tərəfindən hazırlanan layihənin yekununda arxitektura və tərtibat baxımından gözəl iş ərsəyə gəldi. Azərbaycan milli pavilyonu ölkəmiz üçün ən uğurlu layihələrdən biri oldu".

 

Mərkəzin direktoru dünyada qidalanma sahəsində çağırışlara yeni cavablar axtarmaq üçün çox önəmli bir məkan olan sərgidə ölkəmizin “Azərbaycan: Biomüxtəliflik xəzinəsi” pavilyonu ilə uğurla təmsil olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan milli pavilyonunun əldə etdiyi uğurlar Ermənistanın “Milan Expo 2015” də iştirakdan imtina etməsinə səbəb olub: "Heydər Əliyev Fondunun beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi var. Belə tədbirlərin keçirilməsində sözsüz ki, təxribatlarla da üzləşirik. “Milan Expo 2015” sərgisinin keçirilməsində ən vacib tapşırığımız ondan ibarət idi ki, bu tədbir ən yüksək səviyyədə keçirilməli və bizim pavilyonumuz ən uğurlu layihələrdən biri olmalıdır. Hesab edirəm ki, biz buna nail olduq. Düşünürəm ki, Ermənistanın iştirakından imtina etməsi və "Milan Expo"nun rəhbər heyəti ilə ünsiyyətimiz və münasibətimiz, eyni zamanda görülən işlərə Ermənistan tərəfinin böyük maraq göstərməsi bizi daha aktiv və məsuliyyətli təqdimatlar keçirməyə vadar etmişdi. Nəticədə Azərbaycan pavilyonunun öz dizaynına görə digərlərindən çox fərqləndiyini, seçilmiş mövzuya tam uyğun olduğunu onlar da bilirdilər. Ölkəmizin bu uğurları Ermənistanın “Milan Expo 2015”də iştirakdan imtina etməsinə ən böyük səbəb oldu".

 

Mərkəzin direktoru bildirib ki, ümumilikdə altı ay ərzində 23 milyondan çox insan “Milan Expo 2015” sərgisini ziyarət edib. Bu müddət ərzində Azərbaycan milli pavilyonunda 3 milyon 250 mindən çox izləyici olub.

 

Anar Ələkbərov pavilyonun ərazisində həmçinin IDEA Biomüxtəliflilik Parkının olduğunu qeyd edib.

 

Mərkəzin direktoru Milandakı Azərbaycan milli pavilyonunun ölkəmizə köçürüləcəyini deyib: “Biz istərdik ki, pavilyonu Azərbaycanın ən gözəl guşələrindən birində quraşdıraq. Bəzi dövlətlər öz pavilyonlarını artıq sökdülər. Amma biz bildirdik ki, pavilyonu Azərbaycana qaytaracağıq. Pavilyonun Bakı Bulvarında quraşdırılması məsələsinə baxılır. Şəhərdə uyğun məkanın ayrılması ilə bağlı Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Hazırda isə pavilyonun qardan, yağışdan qorunması üçün işlər aparılır. Bu işlər təxminən iki həftə davam edəcək. Bundan sonra isə konkret addımlar atacağıq. Pavilyon Bakıda qurularkən hazırkı məzmun ümumən saxlanılacaq, lakin müəyyən yenilənmələr ediləcək”.

 

Pavilyonun memarı Rikardo Ciqolotti Azərbaycanın ecazkar təbiətə, zəngin mədəniyyətə malik olduğunu, layihəni hazırlayarkən bu elementlərə xüsusi fikir verdiyini söyləyib. Sərgidə ən gözəl pavilyonun Azərbaycana məxsus olduğunu deyən R.Ciqolotti ictimaiyyətin bu layihəni maraqla qarşıladığını bildirib.

 

Mətbuat konfransında həmçinin Azərbaycan pavilyonu ilə bağlı videoçarx nümayiş olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı