Paris terrorunun təşkilatçısı öldürüldü

Parisdə baş vermiş terror aktlarının təşkilatçısı, 27 yaşlı Abdelhəmid Abaud öldürülüb. APA TV-nin xəbərinə görə, bu barədə "The Washington Post" qəzetinin yaydığı məlumatı Parisin prokuroru Fransua Molens təsdiqləyib.

 

Prokuror bildirib ki, terrorçu noyabrın 18-də Sen-Deni rayonunda keçirilən xüsusi əməliyyat zamanı öldürülüb. Yeddi saat davam edən əməliyyatda 100-ə yaxın polis əməkdaşı və xüsusi təyinatlı iştirak edib.

 

Abdelhəmid Abaudun meyiti barmaq izlərinə əsasən müəyyənləşdirilib. Çünki xüsusi təyinatlıların hücumu zamanı baş verən partlayış nəticəsində onun meyiti tanınmaz hala düşüb.

 

F.Molens əməliyyat nəticəsində 2 terrorçunun - 1 kişi və 1 qadının məhv edildiyini də təsdiqləyib. Həmçinin terrorçularla əlaqəli olan 8 nəfərin həbs olunduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv