Bakıda binada partlayış: xəsarət alan var
Ötən gecə Bakıda mənzildə yanğınla nəticələnən partlayış baş verib. APA TV-nin məlumatına görə, hadisə Moskva prospekti ev 84, mənzil 55-də qeydə alınıb.
Partlayış mənzilə qaz sızması nəticəsində baş verib. Hadisə zamanı bir nəfər - mənzili təmir edən usta xəsarət alıb. O, təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qonşuların bildirdiyinə görə, mənzildə yaşayış olmayıb. Partlayışa səbəb kimi mənzili təmir edən ustanın səhlənkarlığı göstərilir.
Qeyd edək ki, partlayış baş verən kimi Fövqəladə Hallar Nazirliyinə və "Azəriqaz"a məlumat verilib. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. "Azəriqaz"ın əməkdaşları isə binaya verilən qazı müvəqqəti olaraq dayandırıblar.
Daha sonra binaya verilən qaz xəttində sızmanın olub-olmamasının yoxlanılmasına başlanılıb. Faktla bağlı araşdırma aparılır.