İraqdan Rusiyaya qaçan azərbaycanlı ailə Moskvaya buraxılmadı
İraqdakı terrordan qaçaraq Rusiyaya qaçqın kimi sığınmaq istəyən azərbaycanlı Gülüstan İsa-Şaxo və ailəsinin başı dərddədir.
APA TV-nin məlumatına görə, Moskvanın Şeremetyevo hava limanında ailəsi ilə birgə məskunlaşan azərbaycanlı qadın indi də cərimələnə bilər. İraqdakı terrordan qaçarkən problemlərlə üzləşən qadını mühakimə edən prokurorluq bəzi yüngülləşdirici halları - onun 4 yetkinlik yaşına çatmamış uşağının olmasını və daha əvvəl mühakimə olunmamasını nəzərə alıb. Ancaq indi Rusiyanın dövlət ittihamçısı Gülüstan İsa-Şaxonun 30 min rubl, təxminən 490 manat dəyərində cərimələnməsini tələb edir.
Vəkili azərbaycanlı qadının cinayət məsuliyyətindən azad edilməsi üçün müraciət etsə də, onun vəsatəti təmin edilməyib. Kiçik övladlarının sənədlərində problemlər olduğundan, onları ölkə ərazisinə buraxmayıblar. Ailə məcbur olub Şeremetyevo aeroportunda məskunlaşıb.
Məlumat üçün bildirək ki, əvvəlcə Gülüstanın Qazaxıstan vətəndaşı olduğu deyilsə də, Qazaxıstanın Rusiyadakı səfirliyi bu məlumatı təkzib edib.
Araşdırma zamanı qadının 1981-ci ildə Azərbaycanda anadan olduğu, daha sonra ailəsi ilə birlikdə Qazaxıstana köçərək bir neçə il burada yaşadığı məlum olub. 1998-ci ildə İraqa köçən Gülüstan orada suriyalı Əhməd adlı şəxslə ailə qurub. Onların 4 övladı var.