«Şahdəniz-2» layihəsi çərçivəsində qaz alıcıları ilə müqavilələr imzalandı

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium sentyabrın 19-da Avropada Azərbaycan qazının alıcıları ilə müqavilələr imzaladı. APA TV-nin məlumatına görə, qazın alışı üzrə bu gün imzalanan uzunmüddətli müqavilələr 25 ilə hesablanıb. ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, bu müqavilələr gələcəkdə uzadıla da bilər."Şahdəniz" yatağının ("Şahdəniz-2" layihəsi) işlənməsinin ikinci mərhələsində qazın alışına dair müqavilələr Bakıda Shell, Bulgar gas, Gas Natural Fenosa, E.ON, Gaz de France, DEPA, Hera, Enel və Aspo şirkətləri ilə imzalanıb."Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qaz iyunun sonunda Azərbaycan qazının Avropa bazarlarına nəqli marşrutu qismində seçilmiş "Trans-Adriatik" boru kəməri (TAP) layihəsi üçün əsas mənbədir. TAP layihəsi qazın Xəzər regionundan Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, sonra Qərbi Avropaya nəql edilməsinə hesablanıb. TAP boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr qaz təşkil edəcək. TAP-ın tikintisinə 2015-ci ildə başlanılması gözlənilir. Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. İlk qazın 2018-ci ildə əldə edilməsi gözlənilir.

 

Qeyd edək ki, Azərbaycan tərəfdən müqavilələri ARDNŞ prezidenti R.Abdullayev imzalayıb. Tədbirdən sonra mətbuat konfransı keçirildi.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova