Balakəndə mağaza sahibi 10 manat borca görə həmyerlisini bıçaqladı
Balakəndə 44 yaşlı kişi 10 manat borca görə həmyerlisi tərəfindən bıçaqlanıb.
APA TV-nin məlumatına görə, hadisə noyabrın 19-da axşam saat 20:00 radələrində Balakən şəhəri Heydər Əliyev prospektinin sol kənarında yerləşən mağazaların qarşısında baş verib.
Rayonun Gərəkli kənd sakini, 1971-ci il təvəllüdlü İlqar Kəmil oğlu Hudulov kişi geyimləri mağazasının sahibi Elçin Cavadoğlu tərəfindən bıçaqlanıb. Bıçaq xəsarətləri alan 44 yaşlı İlqar Hudulov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Balakən RMX-dan APA TV-yə verilən məlumata görə, qarının ön divarının kəsilmiş-deşilmiş və daxilə nüfuz edən, sol bel nahiyəsinin və başın ənsə hissəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olan İlqar Hudulovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
İlqar Hudulovun yaxınlarının dediyinə görə, İlqar Hudulovun kişi geyimləri mağazasının sahibi Elçin Cavadoğluna 10 manat borcu olub. Hadisə baş verən zaman İlqar Hudulov borcunu qaytarmaq üçün Elçin Cavadoğlunun işlədiyi mağazaya gedib.
Balakən Rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, hadisəni törədən Elçin Cavadoğlu könüllü olaraq Balakən RPŞ-yə gələrək istintaqa təslim olub.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.