16-cı mərtəbədə köməksiz qalan körpə xilas edildi
Bakının Yasamal rayonunda 19 mərtəbəli binanın 16-cı mərtəbəsindəki mənzildə bağlı qapı arxasında azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb. Anası liftin yanına çıxan 5 yaşlı Mirzəyev Əli Rəşad oğlu qapını örtüb və avtomatik kilidlənmə baş verib. Uşağın anası dərhal 102 xidmətinə məlumat verib və müvafiq qurumlar məlumatlandırılıb. APA TV-nin məluamtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri, təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib. Xilasedicilər 17-ci mərtəbənin eyvanından 16-cı mərtəbədəki mənzilə eniblər.
Qapı açılıb və 5 yaşlı Əli valideynlərinə təhvil verilib. Təcili yardım briqadası həm uşağa, həm də həyəcan keçirən anasına ilkin tibbi yardım göstəriblər. Əlinin özü isə hadisənin necə baş verdiyini APA TV-yə özünəməxsus şəkildə danışıb. Beləcə, gecə saatlarında bir ailənin həyəcanlı dəqiqələri son çatıb.