İsmayıllıda 67 yaşlı kişi özünü güllələdi
İsmayıllı rayon sakini özünü güllələyib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı şəhərinin Ü.Hacıbəyov küçəsindəki dalan 4, ev 10 ünvanında qeydə alınıb.
Şəhər sakini, 1948-ci il təvəllüdlü Teymurxan Məmmədəli oğlu Süleymanov yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Başından ağır güllə yarası alan Teymurxan Süleymanov təcili tibbi yardım avtomobili ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilsə də, sonradan vəziyyəti ağırlaşan Teymurxan Süleymanov müalicə üçün Bakı şəhərindəki Klinik Tibbi Mərkəzə göndərilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. İlkin məlumata görə, 67 yaşlı kişi ehtiyatsızlıqdan özünü güllələyib. O, bu gün səhər ova getməyə hazırlaşırmış və qəflətən əlindəki silahdan açılan atəş faciəyə səbəb olub.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.