Bakıda mənzillərə istilik verilməsi niyə gecikir? - ARAŞDIRMA

"Noyabrın 15-dən etibarən payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanmalı idi. Lakin "Azəristiliktəchizat"la "Azəriqaz" İstehsalat Birliyi arasında yaranan problem bəzi yerlərdə istilik təchizatının olmamasına səbəb olub".

 

Bunu APA TV-yə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətinin rəisi Rafiq Əliyev deyib.

 

Onun sözlərinə görə, bütün qazanxanalar işlək vəziyyətdədir. Sadəcə, qurumun “Azəriqaz”a borcu olduğu üçün qazanxanaların bir çoxunu işə sala bilmirlər: "Bəzən "Azəristiliktəchizat"ın qış mövsümünə hazır olmadığını deyirlər. Bu gün bütün qazanxana və istilik məntəqələrimiz normal rejimdə çalışmağa hazırdır. Lakin noyabrın 15-də payız-qış mövsümünə start verdikdən sonra "Azəriqaz" İB tərəfindən bir çox qazanxanalarımızın qaz təchizatı dayandırıldı. Bunun da səbəbi "Azəristiliktəchizat"ın "Azəriqaz"a qaz təchizatı ilə bağlı borclanmasıdır. Bununla bağlı artıq rəhbərlik tərəfindən "Azəriqaz" İB-yə, həm də hökumətə müraciət olunub. Hazırda məsələyə baxılmaqdadır. Son iki gün ərzində apardığımız danışıqların nəticəsi olaraq  qazanxanaların bir çoxunun qazla təchizatına nail olmuşuq. Danışıqlar davam etdirilir, hökumətdə də bu məsələyə baxılır. Qısa zamanda binaların istiliklə təminatı tam olaraq ödəniləcək".

 

R.Əliyev məsələnin niyə bu vaxta qədər həll olunmamasının və məhz payız-qış mövsümündə belə bir addımın atılmasının səbəblərini də açıqlayıb: "Azəriqaz" tərəfindən belə bir addımın atılması bizim üçün də gözlənilməz oldu. "Azəriqaz" bizdən lap çoxdan olan borcların ödənilməsini də tələb edir. Yəni "Azəristiliktəchizat"ın yaranmamışdan əvvəl, 2005-ci ilədək istilik təchizatını Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Bakı İstilik İdarəsi həyata keçirdiyi vaxtlarda yaranmış borcu da bizdən tələb edirlər. Halbuki "Azəristiliktəchizat" ASC zərərlə işləyən təşkilatdır. Abonentlərdən yığdığımız istilik haqları bizim xərclərimizi tam bağlamağa imkan vermir. Ona görə də bu borc bizim istəyimizdən asılı olmayaraq, yığılıb qalan borclardır. Lakin biz "Azəriqaz"a olan cari borclarımızı hər il hissə-hissə ödəyirik. Hökumət də bilir ki, qoyulmuş tariflər istilik təchizatı ilə bağlı işlərin maya dəyərini ödəmir, yəni xərclərimizi ödəmir".

 

Problemlə bağlı "Azəriqaz" İB-nin də mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib ki, məsələ əhali ilə "Azəristiliktəchizat" arasında həll olunmalıdır: "Bu gün "Azəriqaz"ın təbii qazın verilişi ilə bağlı heç bir problemi yoxdur. Əhalinin təbii qaza olan tələbatı ödənilir. "Azəristiliktəchizat" ASC əhalini təmin edə bilmirsə, bunun "Azəriqaz"a aidiyyəti yoxdur. Biz binaların, mənzillərin hamısını təbii qazla təmin edirik. O ki qaldı qazanxanaların təbii qazla təminatı məsələsinə, aidiyyəti qurum tərəfindən birliyə daxil olan müraciətlər araşdırılır. Əgər hansısa qazanxana texniki normativ təhlükəsizlik tələblərinə cavab verirsə, mərhələli şəkildə həmin qazanxanalara mavi yanacağın verilməsi təmin edilir".

 

İbrahim Kərbəlayev "Azəriqaz" İB-nin qış mövsümünə tam hazır olduğunu qeyd edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı