BANM-də YAP-ın yaranmasının 23 illiyi münasibətilə tədbir keçirilib
Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, öncə məktəbin rektoru Elmar Qasımov və partiyanın icra katibinin müavini Siyavuş Novruzov Heydər Əliyevin bu ali təhsil ocağının foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyublar.
Elmar Qasımov çıxışında YAP-ın yaranma tarixi və zərurətlərindən danışıb. Rektor bildirib ki, partiya Azərbaycanın ən çətin vaxtlarında Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və şərəfli inkişaf yolu keçib.
YAP icra katibinin müavini Siyavuş Novruzov partiyanın nizamnaməsinin şəxsən Heydər Əliyev tərəfindən tərtib edildiyini diqqətə çatdırıb və ötən 23 ərzində hər hansı dəyişikliyə məruz qalmadığını deyib. O bildirib ki, təmsil etdiyi siyasi təşkilat fəaliyyət illəri ərzində Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasına sadiq qalıb və bu uğurlu siyasət ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə bu gün də davam etməkdədir.
Siyavuş Novruzov deyib ki, partiyanın yarandığı 1992-ci ildəki mürəkkəb siyasi şəraitdə qısa müddət ərzində YAP-ın rəhbər strukturları və rayon şöbələri formalaşdırılıb. İcra katibinin müavini bu gün Azərbaycanın dünyada önəmli yerlərdən birini tutduğunu xüsusi vurğulayıb, partiya tərəfindən həyata keçirilən uğurlu siyasətin bundan sonra da davam etdiriləcəyini söyləyib.
Tədbir tələbələrlə müzakirə şəraitində yekunlaşıb.