Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası təsis edildi
Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunması mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Rusiyanın təhsil və elm naziri Dmitri Livanov, habelə hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Mikayıl Cabbarov çıxışında Azərbaycan və Rusiya arasında humanitar, elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti haqda danışıb. O qeyd edib ki, iki ölkə arasındakı əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradacaq.
Dmitri Livanov bildirib ki, yeni yaradılacaq qurum universitetlərarası əməkdaşlıq üçün yaxşı platforma olacaq: “İki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir edəcək”.
D.Livanov Azərbaycan məktəblərində rus dilinin sistematik şəkildə tədris olunmasına görə Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib.
Daha sonra hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları tərəfindən Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının yaradılması barədə Memorandum imzalanıb.
Qeyd edək ki, D.Livanovun Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qruplarının tələbələri ilə görüşü də nəzərdə tutulub.