“Media və məsuliyyət” mövzusunda dəyirmi masa keçirildi
"Çox təəssüf ki, bəzi dövlət qurumlarının mətbuat xidmətləri vaxtında kütləvi informasiya vasitələrini informasiya ilə təmin etmirlər". APA TV-nin xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Şura sədri bildirib ki, Mətbuat Şurasının monitorinq qrupunun ekspertləri tərəfindən son vaxtlar ölkədə baş verən hadisələrlə bağlı bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatların yayılmasının səbəbləri araşdırılıb: “Bəzi mətbuat orqanları araşdırmalar aparmadan, IP xatirinə məlumat yaydılar. Bu xəbərləri bilərəkdən, ajiotaj yaratmaq xatirinə yayan saytlar da olur. Təsəvvür edin ki, hadisələr baş verir, informasiya baş alıb gedir. Bir müddətdən sonra haqqında yazılan qurumun mətbuat xidməti yayılan xəbərlərlə bağlı təkzib verir”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, media özünün ictimai nəzarət funksiyasından daim istifadə etməlidir. Onun sözlərinə görə, ictimai nəzarət olmayanda, bəzi qurumlar ictimai nəzarətdən kənarda qalanda sonrakı nəticə acınacaqlı olur. Vüsalə Mahirqızı deyib ki, xəbər varsa, yazılmalıdır: “Bizə indi xəbər yazmaqla bağlı hər hansı məhdudlaşdırma yoxdur. Rəsmi qurumların və şəxslərin çağırışlarındakı narahatlıq yalan yaymaq, dezinformasiya ilə məşğul olmaqla bağlıdır. Yalan məlumat isə xəbər olmur. Xəbər obyektiv, qərəzsiz, tərəfsiz, qarşı tərəfin mövqeyinin işıqlandırıldığı, təsdiqini tapmış məlumata deyilir. Yalan olan artıq xəbər deyil və mediaya aidiyyəti yoxdur. Ona görə mən də bu narahatlıqları bölüşürəm. Ciddi media strukturları özləri yalan məlumat yayanların olmamasında maraqlı olmalıdırlar".
Şirkət rəhbəri bildirib ki, bu məsələdə əsas istiqamətlərdən biri də cəmiyyətin mütəmadi olaraq ciddi informasiya ilə təmin edilməsi ilə bağlıdır: "Vəziyyətdən çıxış yolu rəsmi qurumların mətbuat xidmətlərinin baş verən istənilən hadisəyə operativ reaksiyasıdır. Baş verən son hadisələrlə bağlı Baş Prokurorluq rəsmi açıqlamalar yayıb. Məsələ belədir ki, onların da hüquq-mühafizə orqanı olaraq öz əsaslandırmaları var. Onlar da bildirirlər ki, ibtidai istintaq bitmədən ilkin informasiyadan başqa informasiya yaymaq qanuna ziddir. Eyni zamanda "KİV haqqında" qanun da ibtidai istintaqla bağlı Baş Prokurorluğun icazə olmadan məlumat yaymağı qadağan edir. Hüquq-mühafizə orqanlarının işinə müdaxilə və təsir etmədən də xəbər yaymağı bacarmalıyıq".
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, qurum əksər KİV-lə bağlı monitorinq aparır. O, monitorinqin nəticəsi olaraq bəzi KİV-də qarşı tərəfin mövqeyinin verilmədiyini, qərəzli məlumatların yayıldığını qeyd edib: "Bəzən bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Açıb həmin sayta baxanda görürsən ki, o, elə əksər nazirlərin işdən çıxması barədə nə vaxtsa məlumat yayıb. Bu cür əməllər yığışdırılmalıdır".
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu gün Azərbaycan mediasında əsası olmayan xəbərlər yayılır. Bunların da əksəriyyəti onlayn mediada yayımlanır. O bildirib ki, hansı medianın yalan xəbər yaydığı hamıya məlum olsa da, ad açıqlanmır.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də çıxışında bildirib ki, əsası olmayan, yalan məlumat yayan media orqanlarının adı açıqlanmalıdır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, informasiya bu gün hər şeyə təsir edir. Əgər bu informasiya deyil, dezinformasiyadırsa, ictimai şüur da dezinformasiya kontekstində ictimaiyyəti manipulyasiya edir.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, son hadisələr fonunda bəzi xəbər portalları missionerliklə məşğul olub. Onlar xarici kəşfiyyat orqanlarının Azərbaycanda informasiya dövriyyəsinə buraxmaq istədikləri məlumatları həmin portallara ötürürlər. Bu da reketçiliyin başqa növüdür.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "reket qəzetlər"lə mübarizə sahəsində Mətbuat Şurasının ünvanına səslənən tənqidlərə toxunub. O, Mətbuat Şurasının bu sahədə ciddi addımlar atdığını qeyd etsə də, bəzi problemlərin hələ də qaldığını vurğulayıb.