Göyçay Regional Peşə Tədris Mərkəzinin binası istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göyçay Regional Peşə Tədris Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə noyabrın 20-də bu münasibətlə keçirilən tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölkəmizdə əmək bazarının tələblərinə uyğun olaraq 70-dən çox müxtəlif peşə üzrə ənənəvi peşə təlimi metodları və həmçinin modul tədris üsulu əsasında peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunur. Nazirlik ötən il 3786 nəfər, cari ilin yanvar-oktyabr aylarında isə 3493 nəfər işaxtaran vətəndaşın bu kurslara cəlb olunmasını təmin edib.

 

Səlim Müslümov qeyd edib ki, Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparılan Göyçay Regional Peşə Tədris Mərkəzi hazırda 43 otaqdan ibarətdir ki, onlardan 17-si emalatxana və sinif otaqlarıdır. Binada Göyçay rayon Məşğulluq Mərkəzi üçün inzibati otaqlar, digər rayonlardan peşə təliminə cəlb olunmuş şəxslər üçün yataq otaqları var. Hazırda Gəncə şəhərində də müasir tipli Regional Peşə Tədris Mərkəzinin yaradıldığını diqqətə çatdıran Səlim Müslümov mərkəzin Gəncə şəhərinin və ətraf rayonların işsiz və işaxtaran sakinlərinin peşə hazırlığının təşkilinə xidmət göstərəcəyini bildirib.

 

Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Lesçenko işaxtaran vətəndaşların məşğulluq imkanlarına malik olmaları üçün onların əmək potensialının keyfiyyətcə yüksəldilməsinin vacib şərtlərdən olduğunu qeyd edib.

 

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev peşə tədris mərkəzinin fəaliyyətinin böyük əhəmiyyətə malik olduğunu bildirib, müəllim və kurs iştirakçılarını təbrik edib.

 

Daha sonra tədbir iştirakçıları tərəfindən Regional Peşə Tədris Mərkəzində peşə hazırlığının səmərəli təşkili üçün yaradılan şərait, sinif otaqları və emalatxana, tədris ləvazimatları, peşə təlimi prosesi ilə yaxından tanış olublar.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov