Türkiyə sərhədində iki kənd İŞİD-dən geri alındı, 70 terrorçu öldürüldü
Türkiyə-Suriya sərhədində İŞİD-dən təmizlənmiş təhlükəsiz bölgə yaradılması üçün həyata keçirilən hava və quru əməliyyatları nəticəsində iki kənd terrorçuların əlindən alınıb. Bu, təhlükəsiz bölgənin yaradılması üçün atılmış ilk addım sayılır. Müxalif türkmən qrupu Sultan Murad briqadasının Şam cəbhəsinin eləcə də, Türkiyə və Amerika hərbi hava qüvvələrinin dəstəyi ilə etdiyi hücum zamanı Hələbin şimalındakı Harcele və Delha kəndləri terrorçulardan təmizlənib.
Türkiyəyə məxsus altı, ABŞ-a məxsus beş təyyarə və 3 pilotsuz uçuş aparatının dəstək verdiyi əməliyyat zamanı İŞİD üzvləri hər iki kəndi tərk etməyə məcbur olublar. Döyüşlər zamanı 70-dən çox terrorçu məhv edilib.
Əldə edilən taktiki uğurun İŞİD-in müqavimətinin qırılması, Suriya müxalifətinin döyüş istəyinin və bacarığının artırılması, İŞİD-in səhralığa qədər sıxışdırmaqla Türkiyə ilə sərhəddə təhlükəsizliyin təmin edilməsinə yardım edəcəyi bildirilir.