ABŞ Azərbaycanın ÜTT-ə üzvlüyünü dəstəkləyir

Amerika Birləşmiş Ştatları Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü tam dəstəkləyir. APA TV-nin məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar USAİD-in “Azərbaycanda Rəqabət və Ticarət" layihəsinin tamamlanması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, təşkilata daxil olmaq üçün Azərbaycanda 30-dan çox qanunverici və inzibati prosedur layihələndirilib və təsdiqlənib.

 

Səfir “Azərbaycanda Rəqabət və Ticarət" layihəsini, o cümlədən ikitərəfli maliyyələşdirilən digər layihələri yüksək qiymətləndirdiyini deyib.

 

Daha sonra çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycan ÜTT-ə daxil olma prosesini bir neçə istiqamətdə həyata keçirir. O, qanunvericiliyin ÜTT prinsiplərinə uyğunlaşdırılması, işçi qrupunun görüşlərinin və ikitərəfli görüşlərin keçirilməsi istiqamətlərini sadalayıb.

 

Nazir müavini “Azərbaycanda Rəqabət və Ticarət layihəsinin ÜTT komponentini çox yüksək qiymətləndirdiyini vurğulayıb.

 

 

Müəllif | Apa.Tv