İrəvanda "Yox!" şüarı ilə kütləvi aksiyalar genişlənir
Ermənistanın paytaxtı İrəvanda Konstitusiya islahatları əleyhinə növbəti mitinq keçirilib. Yerli mətbuatın məlumatına görə, bu mitinq əvvəlkilərdən iştirakçıların sayındakı ciddi artımla fərqlənib.
Aksiya iştirakçılarının əllərində "Yox!" yazılmış plakatlar olub. Mitinqdə "Yox" Cəbhəsinin Konstitusiya islahatlarını pozmağa yönələn addımlarını müəyyənləşdirən proqramın detalları açıqlanıb.
Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan bildirib ki, növbəti aksiya dekabrın 3-də keçiriləcək.
Azadlıq meydanındakı mitinqdən sonra İrəvan küçələrində yürüş keçirilib.
Qeyd edək ki, Ermənistanda konstitusiya islahatları layihəsi ilə bağlı referendum dekabrın 6-da keçiriləcək. Yeni Konstitusiya layihəsi ölkənin parlament üsul-idarəsinə keçməsini nəzərdə tutur. Layihəyə görə, səlahiyyətləri əhəmiyyətli şəkildə azaldılan prezident hazırda olduğu kimi 5 ildən bir xalq tərəfindən yox, 7 ildən bir parlament tərəfindən seçilməlidir.