Andris Ozols: "Latviya Azərbaycan üçün böyük bazarlara çıxış baxımından maraqlıdır"
Latviya və Azərbaycan arasında əlaqələrdə hər il inkişaf müşahidə olunur. APA TV-nin məlumatına görə, bu fikirləri Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru Andris Ozols deyib. Onun sözlərinə görə, latviyalılar Azərbaycanı, azərbaycanlılar isə Latviyanı çox yaxşı tanıyırlar. Əgər bu gün ölkələr arasında 30 milyon avro həcmində ticarət əlaqələri mövcuddursa, deməli, hələ istifadə olunmamış potensial var.
"Düşünürəm ki, Latviya Azərbaycan üçün böyük bazarlara - Skandinaviya ölkələri, Almaniya və s. bazarlara çıxış baxımından maraqlıdır. Baltik ölkələri də Azərbaycana öz məhsullarını satmaqda maraqlıdırlar. Bu baxımdan, əlaqələr hər iki tərəf üçün sərfəlidir. Biz vaxtilə Azərbaycanla eyni ölkədə və ya ölkələr qrupunda yaşamışıq. İndi Latviya Avropa İttifaqındadır. Lakin burada azərbaycanlılara qarşı isti münasibətlər qalır".
Andris Ozols əlavə edib ki, Latviyada xarici investisiyaların ölkəyə cəlb edilməsi proqramı həyata keçirilir, bundan Azərbaycan şirkətləri və Azərbaycan vətəndaşları da yararlanırlar.
Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru Riqa və Bakı arasında birbaşa təyyarə reyslərinin ilboyu həyata keçirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, "AirBaltic" şirkəti may-oktyabr aylarında həftədə iki dəfə Bakıya birbaşa reyslər təşkil edir. Lakin oktyabrın ortalarında birbaşa reyslər dayandırılır:
"Kiçik şəxsi təyyarələrlə heç kim kommersiya uçuşları həyata keçirmir. Böyük "Boeing"lərin 10 sərnişinlə uçması isə iqtisadi cəhətdən əlverişli deyil. Düşünürəm ki, biz Azərbaycanla təkcə biznes əlaqələrini yox, həm də turizm əlaqələrini inkişaf etdirsək, reyslərin daimi olması ehtimalı da yüksələcək".
Andris Ozols məlumat verib ki, noyabrın 24-dən Bakıda Latviya günləri keçiriləcək. Latviyanın iqtisadi inkişaf nazirinin rəhbərlik etdiyi böyük heyət Azərbaycana səfər edəcək, iqtisadi və mədəni proqramlar həyata keçiriləcək. Agentlik rəhbəri bildirib ki, bu, latviyalı sahibkarlar üçün öz məhsullarını Azərbaycan bazarına çıxarmaq imkanı yaradacaq.