Malidə girovların azad edilməsi zamanı 22 nəfər ölüb, 20 nəfər yaralanıb
Malinin paytaxtı Bamakoda "Radisson" otelində adamların girov götürülməsi zamanı azı 22 nəfər ölüb, 20 nəfər yaralanıb. Təhlükəsizlik və səhiyyə qurumlarının məlumatına görə, ölənlər arasında Fransa və Belçika vətəndaşları da var.
Xilas edilən girovlardan 7 nəfəri "Tük Hava Yolları" şirkətinin əməkdaşıdır. Bundan başqa, 7 əlcəzairli, 6 amerikalı, 2 alman, 7 çinli, 20 hindistanlı, 45 malili və 15 fransız girov da xilas edilib.
İlkin məlumata görə, ölənlərdən biri Belçikanın yüksək vəzifəli rəsmisidir. Belçikanın Xarici İşlər Nazirliyi bildirib ki, oteldə olduğu bildirilən 4 Belçika vətəndaşından heç bir xəbər yoxdur.
Otelə hücum zamanı ABŞ-ın Malidəki səfiri də içəridə olub. O, terrorçuların əlinə keçməyib və ərazidən uzaqlaşa bilib.
Xatırladaq ki, Malidə silahlı qruplaşma paytaxt Bamakodakı "Radisson" otelinə hücum edərək, 170 nəfəri girov götürmüşdü. Girovlardan 130-u Fransa və ABŞ-ın dəstəyi ilə Mali təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində azad edilib. Onlarla adam öz cəhdi ilə girovluqdan qurtula bilib, bəziləri isə terrorçular tərəfindən azad edilib.
Hücuma görə məsuliyyəti öz üzərinə "Əl Qaidə" terror təşkilatı ilə bağlılığı olan "Əl Murabitun" terror qruplaşması götürüb. Malidə bundan əvvəl bir neçə otelə edilmiş hücumların da məsuliyyətini bu təşkilat üzərinə götürmüşdü.