BMT qətnamə qəbul etdi: İŞİD vurulacaq!

BMT Təhlükəsizlik Şurası İŞİD, eləcə də Suriya və İraq ərazisindəki digər terror təşkilatları ilə mübarizəyə dair qətnamə layihəsini qəbul edib. APA TV-nin məlumatına görə, qətnamədə dünya ölkələri terror təşkilatları ilə mübarizədə beynəlxalq hüququn yaratdığı bütün imkanlardan istifadə etməyə çağırılır. BMT TŞ-nin bütün üzvləri Fransa tərəfindən təklif olunan qətnamə layihəsinin lehinə səs verib. Qətnamə layihəsində Ankara, Beyrut və Parisdə törədilən terror hadisələri, o cümlədən Sinay yarımadası üzərində Rusiyaya məxsus təyyarənin vurulması qəti şəkildə pislənilir. Bununla belə, Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vitali Çurkin deyib ki, Rusiya Təhlükəsizlik Şurasında terrorizmlə mübarizə üzrə özünün müəllifi olduğu qətnamə layihəsinin qəbuluna çalışacaq. Qeyd edək ki, Rusiya sözü gedən layihəni sentyabrın sonunda təklif edib, lakin layihədə istənilən ölkədəki antiterror əməliyyatlarının bu ölkənin hakimiyyəti ilə koordinasiya edilməsi nəzərdə tutulduğundan, bir sıra qərb ölkələrini qane etməyib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv