Dəhşətli qəza: ata öldü, iki oğlu yaralandı

Şəkidə baş verən ağır yol qəzasında ata ölüb, iki oğlu isə xəsarət alıb. Hadisə Şəki şəhərinin Salman Mümtaz küçəsində qeydə alınıb. APA TV-nin məlumatına görə, Şəki şəhər sakini, 1990-cu il təvəllüdlü Hacıyev İsmayıl Məmməd oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobillə, Şəki rayonu Kiş kənd sakini İlyasov Bəhram Yasin oğlunun idarə etdiyi "Mitsubishi" markalı avtomobil toqquşub. Toqquşmadan sonra "Mitsubishi" markalı avtomobil yol kənarında dayanmış "Niva" markalı maşına çırpılıb. Qəza nəticədə "Mitsubishi"nin sürücüsü Bəhram İlyasov, avtomobildəki sərnişin - sürücünün qardaşı İlyasov Mənsur Yasin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobildə olan digər  sərnişin - Bəhram və Mənsur İlyasovların atası, 1951-ci il təvəllüdlü, İlyasov Yasin İsgəndər oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Xəsarət alanlar dərhal Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. Qardaşların hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Qəza nəticəsində dünyasını dəyişərək avtomobildə sıxılmış vəziyyətdə qalan Yasin İlyasovun səcədini çıxarmaq üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunub.

 

Faktla bağlı Şəki şəhər-rayon Polis şöbəsində araşdırma aparlır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov