Mark Tsukerberq "dekret"ə çıxır
"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberq atalıq məzuniyyətinə çıxır. APA TV-nin məlumatına görə, Mark bu barədə öz səhifəsində yazıb. O bildirib ki, qızı dünyaya gəldikdən sonra iki ay atalıq məzuniyyətinə çıxmaq barədə qərar qəbul edib.
"Facebook" yaradıcısının sözlərinə görə, valideynlərin uşaqlarla daha çox vaxt keçirməsi lazımdır: "Tədqiqatlar göstərir ki, işləyən valideynlərin yeni doğulan körpələrlə daha çox vaxt keçirməsi həm uşaqlar, həm də ailə üçün yaxşıdır".
Tsukerberq səhifəsində yeni doğulacaq körpəyə aldığı uşaq arabasının fotosunu da əlavə edib. Mark atalıq məzuniyyətində olduğu dövrdə "Facebook"un rəhbəri postunda onu kimin əvəzləyəcəyini yazmayıb. Maraqlıdır ki, Tsukerberq atalıq məzuniyyətinə çıxmağa uşağın dünyaya gəlməsinə 8 ay qalmış qərar verib.
Qeyd edək ki, "Facebook"un təsisçisi ilə həyat yoldaşı Pristsilla Xan Harvard Universitetində oxuyan zaman tanış olublar. Onlar on il görüşdükdən sonra evlənməyə qərar veriblər.