Əli Əhmədov: "Nazirliklərdə ciddi qanun pozuntularının aşkar olunması bizi narahat edir "
“Bu və ya digər nazirliklərdə ciddi qanun pozuntularının aşkar olunması bizi narahat edir”.
Bu fikirləri baş nazirin müavini Əli Əhmədov son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib. O, qeyd edib ki, bu məsələ ölkə başçısının diqqətindədir.
Əlbəttə ki, bu məsələdə qanunu pozan, cənab prezidentin etimadını doğrultmayan və haradasa cənab prezidentin etimadına xəyanət etmiş insan varsa, ciddi cəzalanacaq. Nazirlərin vəzifəyə təyin olunub, işdən azad edilməsi prezidentin səlahiyyətində olan məsələdir. İstənilən vaxt prezident nazirləri işdən azad edər və onların yerinə başqa nazirlər təyin edə bilər".
Baş nazirin müavini qiymətlərin düşməsindən sonra apteklərdə bəzi dərmanların tapılmaması məsələsinə də münasibət bildirib.
“Apteklərdə bəzi dərmanların tapılmaması ilə bağlı siqnallar bizə də gəlib çatır və bu məsələ ilə bağlı lazımı işlər aparılır. Bizim apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, söhbət tərkibi baxımından deyil, ad baxımından dərmanların tapılmamasından gedir”.
Əli Əhmədov qeyd edib ki, eyni tərkibdə müxtəlif adlarda dərmanlar var, bu dərmanlar tərkib və keyfiyyət etibarı ilə eynidir, amma müxtəlif firmalar istehsal etdiyinə görə adları fərqlənir.
“Vətəndaşlar müəyyən müddətdə müəyyən adda olan dərmanlara alışıblar. Mən bunu başa düşürəm. Eyni tərkibdə olan digər dərmanlara ola bilsin ki, bir az ehtiyatla yanaşırlar. Qeyd etmək istərdim ki, bu və ya digər xəstəliyi müalicə etmək üçün nəzərdə tutulan bütün dərman preparatları müxtəlif adda olsa da, mövcuddur. Sadəcə, müəyyən müddət keçməlidir ki, vətəndaşlar dərmanın adının deyil, tərkibinin əsas rol oynadığını dərk etsinlər, başqa adda, amma eyni tərkibdə olan dərmanların da onların xəstəliklərinə kömək olacağını başa düşsünlər.
Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi məsələsində də münasibət bildirib. O qeyd edib ki, artıq Nazirlər Kabineti nəzdində İcbari Tibbi Sığorta Dövlət Agentliyinə rəhbər təyin edilib, struktur formalaşmaq üzrədir.
"Hər şeydən əvvəl agentlik formalaşdırılmalı, fəaliyyət üçün hazır vəziyyətə gətirilməlidir. Bundan sonra isə model seçilib, Azərbaycanda tibbi sığorta tətbiq edilməlidir. Azərbaycanda tibbi sığorta çox geniş yayılmasa da, müəyyən qədər var. Biz çalışacağıq ki, nəzərdə tutulan işlərin böyük əksəriyyəti 2016-cı il ərzində görülsün”.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi münasibəti ilə partiyanın rəhbərliyi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra partiyanın Suraxanı rayon təşkilatının qərargahında tədbir keçirilib. Tədbirdə çıxış edən YAP-ın sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın yaranma tarixinə ekskurs edib, partiyanın yaranması ilə xalqın ümummilli lider Heydər Əliyevin ətrafında daha da sıx birləşdiyini vurğulayıb.
Almaz Qasımova Əjdər İbrahimov APA TV