"Əsrin müqaviləsi" 19 yaşında

Bu gün “Əsrin müqaviləsi”nin 19-cu ildönümüdür.

 

“Əsrin müqaviləsi” “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” dünyanın tanınmış neft şirkətləri ilə Azərbaycan arasında imzalanıb. 400 səhifə həcmində və 4 dildə olan bu sazişin Azərbaycan iqtisadiyyatında xüsusi rol oynadı. Dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalandı.

 

APA TV-nin məlumatına görə, “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Müqavilənin imzalanmasında dünyanın 8 ölkəsi (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti iştirak edib. Müqavilə Milli Məclisi tərəfindən təsdiqlənərək 12 dekabr 1994-cü ildə qüvvəyə minib. Müqavilənin ilk günlərində Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılıb. Təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanılıb. Dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək saziş imzalanıb.

 

Müqavilə çərçivəsində ilkin olaraq 511 milyon ton neft ehtiyatının hasilatı nəzərdə tutulub. Sonralar qiymətləndirici quyuların nəticələri əsasında bu ehtiyat 730 milyon tona çatdırılıb. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri isə 11,5 milyard ABŞ dolları həcmində qəbul edilib. Ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşməsi təsdiqlənib.


"Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanda yeni siyasi, iqtisadi mərhələnin əsasını qoydu. Müqavilə çərçivəsində 1997-ci ildə ilk neft hasil edildi, 1999-cu ildən etibarən isə mənfəət neftinin ixracatına başlanıldı. Bu satışın gəlirləri Neft Fonduna yığılır. ARDNF-yə indiyədək 80 milyard vəsait daxil olub.

 

Neft strategiyasının həyata keçirilməsinin ilk illərində bir sıra ixrac kəmərləri yenidən quruldu, bəziləri isə tikildi. Belə ki, Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa olundu. Eləcə də Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edildi. Neft və qazın etibarlı, irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan əsas neft ixrac və Bakı-Tiflis-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək, istismara verildi. 

Müəllif | Apa.Tv