Mədət Quliyev: “MTN-də çalışan bir neçə nəfər cinayət edib, onların əməllərinə hüquqi qiymət verilir”

Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev son vaxtlar nazirlik ətrafında baş verən hadisələrə münasibət bildirib.

 

APA TV-nin məlumatına görə, nazir müavini xalqın həmişə MTN-ə inandığını deyib.

 

Onun sözlərinə görə, ola bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir: “Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır”.

 

M.Quliyev qeyd edib ki, KİV-də yayılan müxtəlif məlumatlar ümumilikdə MTN-in bütün kollektivinə aid edilə bilməz. Çünki MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir, əməkdaşlar vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar.

 

Milli təhlükəsizlik nazirinin birinci müavini bir neçə gün əvvəl ölkədə baş vermiş internet problemi ilə bağlı da fikirlərini açıqlayıb. Mədət Quliyev deyib ki, baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv