Ədliyyə işçiləri Bakıda velosiped yürüşü keçirdi
Azərbaycan ədliyyə işçilərinin peşə bayramı münasibətilə Bakıda velosiped yürüşü keçirilib.
APA TV-nin məlumatına görə, Ədliyyə Nazirliyi Velosiped İdman Klubunun üzvləri bu münasibətlə Dövlət Bayrağı Meydanından Heydər Əliyev Mərkəzinə yürüş ediblər.
Yürüşdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq rəisi, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev və Penitensiar Xidmətin rəis müavini, general-mayor Hüseyn Əlixanov da iştirak edib.
H.Əlixanov bildirib ki, noyabrın 22-də Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı qeyd olunur.
M.Quliyev isə deyib ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi işlədiyi vaxt ədliyyə naziri Fikrət Məmmədovla nazirliyin Velosiped İdman Klubunun yaradılmasına qərar veriblər: “Bundan sonra Penitensiar Xidmətin nəzdində velosiped komandası formalaşdırıldı. Artıq 60-dan çox idmançı komandamızın üzvüdür. Həftədə iki dəfə məşq edir, əlamətdar günlərdə yürüş keçiririk. İdmana ayrılan vaxtı itirilmiş zaman adlandırmaq olmaz. Harada işləməyimizdən asılı olmayaraq, hər bir insan, xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər fiziki sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər”.
Nazirliyin mərkəzi aparatı və Penitensiar Xidmət əməkdaşlarından ibarət velosipedçilər dəstəsinin iştirak etdiyi yürüş Dövlət Bayrağı Meydanından start götürüb və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Velosiped İdmanı Federasiyasının çoxsaylı üzvləri də yarışda iştirak ediblər.