Hacıqabulda dəhşətli qəza: biri körpə olmaqla üç nəfər öldü

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində biri körpə olmaqla üç nəfər ölüb.

 

Bakı-Qazax yolunun 145-ci km-də, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Sabirabad rayonu Qəzli kənd sakini, 60 yaşlı Mustafayev Rafiq Nəcməddin oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə Yevlax rayon sakini, 38 yaşlı Sarıyev Natiq Valeh oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını toqquşub.

 

Nəticədə “VAZ-2107”-nin sürücüsü və avtomobildə olan iki nəfər - Sabirabad rayonunun Yenikənd kənd sakinləri, hələ 1 yaşı tamam olmamış Əliyev Nurid Mənsur oğlu və 48 yaşlı Əliyev Mehralı Əzizağa oğlu ölüb, 40 yaşlı Əliyeva Dilarə Əhməd qızı isə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub. Belə ki, "VAZ" markalı avtomobil yük maşınının yoluna çıxıb və qəza baş verib.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv