Oğuz sakini özünü güllələdi

Odlu silahla ehtiyatsız davranan Oğuz rayon sakini yaralanıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, Oğuz rayonunun Sincam kənd sakini, 27 yaşlı Elmir Mehman oğlu Abdulqədirov qırma yaraları ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi zamanı məlum olub ki, Elmir Abdulqədirov odlu silahdan açılan atəş nəticəsində qarının ön divarının, sağ bud və said nahiyəsindən çoxsaylı qırma yaraları alıb. Xəstəxanada Elmir Abdulqədirova ilkin tibbi yardım göstərilib. Qohumları Elmir Abdulqədirovu Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq istədiklərindən, o, xəstəxanadan buraxılıb.

 

Oğuz Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Elmir Abdulqədirovun yaşadığı ünvanda baş verib. E.Abdulqədirov ot tüfəngi ilə ehtiyatsız davrandığından, açılan atəş nəticəsində qırma yaraları alıb.

 

 Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv