Bakıda minik maşını avtobusuna çırpıldı: 2 yaralı
Bakıda minik maşını ilə avtobus toqquşub, iki nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, yol qəzası Qaraçuxur qəsəbəsinin Etibar Bəkirov küçəsində qeydə alınıb.
30 yaşlı Sergey Panovun idarə etdiyi "VAZ-2104" markalı minik maşını sərt döngədə 104 saylı xətt üzrə hərəkət edən avtobusun qarşısına çıxıb. Sürətə hərəkətdə olan minik maşını gəldiyi sürətlə də avtobusa çırpılıb.
Məlumata görə, qəza bazar günü axşam saatlarında baş verdiyindən, avtobusda sərnişin sıxlığı olmayıb. Qəza nəticəsində "VAZ-2104"-ün sürücüsü Sergey Panov və avtobusdakı sərnişin Natəvan Ağayeva xəsarət alıb. Hər iki yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. 45 yaşlı qadın sərnişin ilkin tibbi yardımdan sonra evə buraxılıb, sürücü Sergey Panovun isə müalicəsi stasionar şəraitdə davam etdirilir.
Suraxanı Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya minik maşınının sürücüsünün sürət həddini aşması səbəb olub. İlkin araşdırmalar nəticəsində Sergey Panovun sükan arxasında sərxoş vəziyyətdə əyləşdiyi müəyyən edilib.