İsmayıllıda dəm qazı faciəsi: ana və 5 yaşlı oğlu öldü
İsmayıllı rayonunda bir ailənin iki üzvü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Talıstan kəndində qeydə alınıb. Kənd sakini, 37 yaşlı Qasımlı Yeganə Ağaməmməd qızı azyaşlı övladı, 5 yaşlı Qasımlı Fərid Cavid oğlunu yaşadığı evin hamam otağında çimizdirərkən hər ikisi dəm qazından zəhərlənərək ölüb.
İlkin məlumata görə, hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı içəri daxil olaraq onların zəhərlənməsinə səbəb olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ana və övladının meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsində müayinə edilib. Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.