Belçikada terror həyəcanı: “Qarabağ”ın rəqibinin oyunu baş tutmadı

Ötən axşam Belçikanın paytaxtı Brüsseldə geniş antiterror tədbirləri görülüb.

 

APA TV-nin xəbərinə görə, terror təhdidi səviyyəsinin ən yüksək həddə - 4-cü səviyyəyə çatdırılmasından sonra şəhərin mərkəzindəki bəzi yollarda hərəkət dayandırılıb, hotellərin önündə silahlı əsgərlər görünməyə başlayıb.

 

Əsgərlər terrorla əlaqədar axtarılan şəxslərin ola biləcəyi hotellərin önündə təhlükəsizlik tədbirləri görüb. Axşam saatlarında hərəkətliliyin yaşanmağa başladığı, adətən turistlərin çox olduğu "Grand Palace" meydanı boşaldılıb, meydana gedən yollar bağlanıb. Ora getmək istəyən maşınlar dayandırılıb, vətəndaşlara meydana yaxınlaşmamaq barədə xəbərdarlıq edilib. İki hotelə daxil olan hərbçilər qonaqlara otaqlarından çıxmamağı tövsiyə ediblər.

 

Bundan başqa, metro və bəzi tramvay xətlərində hərəkət dayandırılıb, muzeylər, ticarət mərkəzləri, kinoteatr və teatrlar, şəhər mərkəzindəki mağazalar, restoran və kafelər bağlanıb.

 

Belçika mətbuatının məlumatına görə, polis və ordunun Brüsseldə keçirdiyi əməliyyat zamanı altı nəfər saxlanılıb, bir nəfər isə yaralanıb. Daha bir nəfər isə Belçikanın cənubunda - Şarlerua şəhərində saxlanılıb.

 

Brüsselin bir neçə rayonunda, o cümlədən Belçikanın bir sıra şəhərlərində antiterror əməliyyatları davam edib. Polis KİV-i əməliyyatın təfərrüatını açıqlamamağa çağırıb.

 

Belçikadakı antiterror əməliyyatları futbola da təsir edib. "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Anderlext"in "Lokeren"lə səfər oyunu baş tutmayıb və təxirə salınıb. 

Müəllif | Apa.Tv
Apa.tv