Rusiyada İŞİD-lə döyüş oldu: 14 ölü

Rusiya hüquq-mühafizə orqanlarının Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 14 nəfər öldürülüb.

 

APA TV-nin rus mətbuatına istinadən xəbərinə görə, öldürülənlər İŞİD terror təşkilatının üzvləridir.

 

Yerli hüquq-mühafizə orqanları məhv edilən terrorçuların İŞİD nəzdində yaradılmış “Mərkəz qrupu”nun üzvləri olduğunu açıqlayıb. Onların arasında qrupun lideri Yuriy  Bitsuyevin olduğu da bildirilir.

 

Noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 11 İŞİD-çini məhv ediblər.    

 

 Axşam saatlarında isə təhlükəsizlik qüvvələri şübhəli avtomobili saxlamaq istəyib. Avtomobildəki 3 nəfər onlara atəş açıb. Cavab atəşi ilə onların üçü də öldürülüb.

 

Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.  

Müəllif | Apa.Tv
Apa.tv