Horadizdə gənc sərhədçilərin andiçmə mərasimi keçirildi
Dövlət Sərhəd Xidmətinin Horadiz şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu vurğulayaraq, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulayıblar.
Mərasimdə çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.
Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov valideynlərlə görüşüb, onları maraqlandıran suallara cavab verib.