Britaniyanın xarici işlər naziri: "Moskva və Tehran arasındakı narazılıqları dərinləşdirməliyik"

Bu gün Tehranda qaz ixrac edən ölkələrin forumu başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu tədbir hətta iştirakçı olmayan dövlətlərin də diqqətindədir.


Forumda 14 ölkə iştirak edir. Onların arasında Rusiya, İran, Qətər, Boliviya, Misir, Liviya və Venesuelanın ortaya qoyacaqları mövqe daha maraqlıdır.


Rusiyanın təşəbbüsü ilə daimi keçirilməsi məqsədəuyğun hesab edilən forum "Qaz OPEK"i adını alıb. Tədbirin keçirilməsi ABŞ tərəfindən razılıqla qarşılanmayıb. Çünki iştirakçı ölkələrin planları Vaşinqtonun maraqları ilə qətiyyən uyğun gəlmir.

 

"The Wall Street Journal" məsələyə aid maraqlı mövqe çap edib. Yazıda qeyd edilir ki, ABŞ və onun müttəfiqləri nəyin bahasına olursa olsun Rusiya-İran alyansını istənilən sahədə pozmağa çalışır.


Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond isə iddia edib ki, Moskva ilə Tehran arasında müəyyən narazılıqlar sezilməkdədir və bunun dərinləşməsi üçün Qərb hərəkətə keçməlidir. Diplomat forum çərçivəsində Rusiya və İranın ən yüksək səviyyədə təmsil olunmalarının əslində məhz bu narazılıqların aradan qaldırılmasına xidmət edəcəyini vurğulayıb.

Başqa bir maraqlı məqam isə tədbirdə Qətərin iştirak etməsidir. Qətər digər iştirakçılardan fərqli olaraq, beynəlxalq arenada Qərbmeylli ölkə kimi tanınır. Bu dövlət həmçinin İranın əsas iqtisadi rəqibi hesab olunur.

Müəllif | Apa.Tv
Apa.tv