İŞİD-in 1000-dən çox benzin maşını məhv edildi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Son iki gün ərzində Rusiya aviasiyası tərəfindən İŞİD-in Suriyadakı mövqelərinə ümumilikdə 472 aviazərbə endirilib.
APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, terrorçular Deyr əz-Zor, Rakka və Hələb şəhərlərində irimiqyaslı itkilər verib.
Rusiyanın Müdafiə Nazirliyi İŞİD-ə məxsus komanda məntəqələri və anbarlara hava zərbələri endirildiyini əks etdirən yeni görüntülər yayıb. Kadrlarda qanadlı raketlərin terrorçuların İdlib şəhərindəki komanda məntəqəsini dəqiqliklə məhv etdiyi əks olunub. Eyni zamanda TU-22M3 təyyarəsindən buraxılan raketlər terrorçuların Deyr əz-Zor vilayətindəki qərargahını darmadağın edib. Rusiya Müdafiə Nazirliyindən yayılan açıqlamada bildirilib ki, hava zərbələri İŞİD-ə məxsus neft tankerləri və yanacaq daşıyan 1000-dən çox avtomobili də məhv edilib.
Nazirliyin nümayəndəsi İqor Konaşenkov da məsələ ilə bağlı açıqlama yayıb: "Öz rəhbərlərinin təhdidlərinə baxmayaraq, bu rayonlarda cəmləşən qruplaşma üzvlərinin çoxu artıq ərazini tərk edərək, yerli əhaliyə qarışıb. Bütün bunlar ərazidə aparılan hava əməliyyatlarının yüksək effektivliyini və terrorçuların bundan əhəmiyyətli dərəcədə zərər çəkdiyini göstərir".