Azərbaycanda saxta pul kəsən Belçika vətəndaşlarına ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

APA TV-nin Lent.az-a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

Dövlət ittihamçısı məhkəmədən hər iki təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini, eləcə də cəzalarını çəkib bitirdikdən sonra Azərbaycandan deportasiya olunmasını tələb edib.

 

Hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər kollegiyası hökm oxuyub. Hökmə əsasən hər iki təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu il aprelin 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv